Reklam verin!

ALLAH "Bəxtiyar Vahabzadə"

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.

Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

Yazının açar sözləri: allah bəxtiyar vahabzadə şe`r  Baxış sayı: 102

Deyil mi? "Süleyman Rüstəm"

Durnalar, siz deyin, qan qardaşlarım

Gəlib dərd əlindən zara, deyil mi?

Odlar torpağının ürək parçası

ARAZın o tayı, ora deyil mi?!

 

İnsanlar göz açmır əlindən yasın,

Gülləri qaradır baharın, yazın.

Qoca ər evində satılan qızın

Örtüyü günütək qara deyil mi?

 

Süleyman bağlısan o doğma yerə,

Vətənim deyirsən gündə min kərə.

Təbriz gözəlindən sənə xatirə

Bağrında sızlayan yara deyil mi?

Yazının açar sözləri: deyil mi süleyman rüstəm şe`r  Baxış sayı: 51

Nizamiden bir gözel şe`r: *Ay üzlü nigarım, kimə mehman olacaqsan?*

Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?

Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?

Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?

Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?

Yazının açar sözləri: nizami şe`r nigar  Baxış sayı: 274


  Yazılar cəmi: 3