İslamın yaranmasından bir neçə əsr qabaq Azərbaycan zərdüştiliyin mərkəzinə çevrilmiş, bu dinin ən müqəddəs mə'bədləri burada salınmış, maqlar-zərdüştilərin kahinləri burada yaşamışlar. Buna görə də IX əsrin başlanğıcında sonradan xalq rəhbərinə və böyük bir sərkərdəyə çevrilən sadə kəndli Babəkin başçılığı ilə qalxan üsyanın əski inamların bərpası tələbləri ilə islama qarşı şüarlar altında başlaması heç də təəccüblü sayılmamalıdır.
Babək əl-Xürrəminin doğum tarixi dəqiq mə'lum deyil, lakin dolayı mə'lumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Lakin orası da mümkündür ki, o, islamı yalnız zahirən, üzdə qəbul etsin. O vaxt can vergisindən qurtulmaqdan ötrü çoxları belə edirdilər. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna mə'ruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşaqla Həsən və Abdulla ilə tək qalır.

Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır. Babəkin anası uşaqlarını dolandırmaqdan ötrü varlı evlərində dayəlik edir. Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Onun ömrünün bu mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə bir rəvayət yazır: "Bir dəfə Babək evə gec gəlir və bundan narahat olan anası onu axtarmağa gedir. Çox axtardıqdan sonra anası onu otardığı inəklərin arasında tamamilə çılpaq vəziyyətdə yatmış halda tapır. Günorta olduğundan ana oğluna diqqətlə fikir verdikdə onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanıb ayağa durduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər görməkdən ötrü gəlib və onun taleyində çox qanlar axacaq."
Davamı...
