
Bir əlimdə qələm, bir əldə kağaz,
Xəyalım boylanır damdan, duvardan,
Başımda yar bağın gəzmək havası,
Qapılar bağlıdır, yol tapım hardan?
Hasarın dalında könül verdiyim
O yar bir bağ salıb, suyu bulurdan,
Hayvası kəhrüba, narı yaqutdan,
Tağı firuzədən, divanı güldən.
Mavi eyvanında saz çalır Zöhrə,
Bürcündə yay çəkib dayanıb Keyvan,
Layiqi var girəm qəsrinə mən də
Qıllı papağımlan, sınıq sazımlan?
O, bu ehtişamla, bu təmtəraqla
Qapısın üzümə açmasa nə var,
Şahla rəiyyətin söhbəti tutmaz,
Mən bir obalıyam, odur Şəhriyar.
Gərək rüsxət alam Heydər babadan,
"Yox" cavabı bəlkə mənə verməsin,
Bir də Şəhriyardan fərmanım vardır,
"Şair bir-birini olur görməsin?"
Yox, mən də Səhənd'əm, başım ucadır,
İçimdə sönməyən eşq atəşi var.
Məndə səfası var güllü baharın,
Başımı tutsa da qara buludlar.

